Azərbaycanda sosial müavinət növlərindən biri də ailə başçısını itirməyə görə verilir.
Referans xəbər verir ki, bu, ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə təyin olunur.
Müavinətin məbləği 120 manatdır və vəfat etmiş şəxsi qeyd edilən ailə üzvlərinə müəyyən müddətə təyin edilir:
– vəfat etmiş şəxsin 18 yaşına çatanadək uşaqlarına. Uşaq əyani təhsil aldıqda təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla;
– vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına – əlillik müddətinə;
– vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək.
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İmtina barədə qərar qəbul edildikdə isə, 5 gün müddətində səbəblər göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Həmçinin, şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Qeyd edək ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.