Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər əmək bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Artıq saatlıq əməkhaqqı sistemi hüquqi çərçivəyə salınır. Bu isə həm işəgötürənlər, həm də işçilər üçün yeni imkanlar və suallar deməkdir. Hazırda əməkhaqqı əsasən aylıq şəkildə hesablanır. Lakin bu, qısamüddətli və qeyri-daimi işlər üçün müəyyən çətinliklər yaradır. Təklif edilən saatlıq əməkhaqqı sistemi bu boşluğu aradan qaldırmağa yönəlib.
Sfera.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizm işçinin faktiki işlədiyi saatlara uyğun olaraq əməkhaqqı almasını nəzərdə tutur. Bu sistem xüsusilə müvəqqəti işlər, frilans fəaliyyəti və yarımştat iş yerləri üçün daha şəffaf və çevik imkanlar yaradacaq. Eyni zamanda, bu sistem işçilər üçün əlavə üstünlüklər də təmin edəcək.
Millət vəkilinin sözlərinə görə, şəxs gündəlik müəyyən olunmuş iş saatından artıq çalışdıqda, eləcə də bayram və istirahət günlərində əməkhaqqı fərqli qaydada hesablanacaq.
Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən bəzi restoranlarda artıq saatlıq əməkhaqqı sistemi tətbiq olunur. Bu hallarda bir saatlıq ödəniş 2-3 manat arasında dəyişir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: