Bakıda iki azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilən ata hakim önünə çıxarılıb. Qızları atalarından şikayətçi olsalar da məhkəmədə onu bağışladıqlarını, yalan ifadə ilə atalarını tutdurduqlarını deyiblər.
43 yaşlı Eldəniz (ad şərtidir) on dörd yaşına çatmayan və yetkinlik yaşına çatmayan şəxslərə qarşı zor tətbiq etməklə, həmçinin zor tətbiq etmə hədəsi ilə, onların köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli təkrar zorakılıq hərəkətləri etməkdə ittiham olunub. İş üzrə zərərçəkmiş şəxslər Eldənizin doğma qızlarıdır.
İttihamda göstərilir ki, Eldəniz 2019-cu ildən 2023-cü ilədək doğma qızlarına qarşı seksual xarakterli hərəkətlər edib.
Eldəniz ifadəsində maddi imkanı zəif olduğu üçün uşaqlarını məşğələdən çıxarmaq istədiyini və buna görə ailəsində söz-söhbət yarandığını deyib. Onun sözlərinə qızları düşünüblər ki, ataları onları sevmir.
İstintaq zamanı qızlarına qarşı seksual xarakterli hərəkətlər etdiyini etiraf edən Eldəniz məhkəmədə fərqli ifadə verib və özünü günahkar bilməyib. Deyib ki, ibtidai istintaqda ona əməlini etiraf edəcəyi halda azadlığa buraxılacağı bildirilib. O, tələsdiyi üçün ifadələrini oxumadan imzaladığını söyləyib.
Eldəniz məhkəmədə də ziddiyyətli danışıb. Qızı otaqda olan zaman onun yanında alt paltarında olmasını belə izah edib: “Mən otaqda olanda qızım da orda idi. Mənə dedi ki, utanmırsan? Mən də dedim ki, dənizdə hamı belə gəzir. Qızımdan məni masaj etməsini istəmişdim. Başqa niyyətim yox idi. Amma səhv etmişəm. Mən qızlarımın geyiminə qarışdığım üçün onlarla mübahisəm olurdu”.
Eldənizin məhkəmədəki ifadəsində belə bir cümlə diqqət çəkir: “Qızımdan cinsiyyət orqanımı masaj etməsini zarafatla istəmişəm”.
Məhkəmədə azyaşlı qızların hər ikisi dindirilib. Onlar atalarını şərlədiklərini deyiblər. Bildiriblər ki, ataları onların təhsilinə mane olduğu, sevgi göstərmədiyi üçün ondan qisas almaq istəyiblərmiş.
Polisə ifadə verən zaman atalarının onlara qarşı etdiyini detallı şəkildə danışan qızlar başlarına gələn barədə ilk dəfə xalalarına danışdıqlarını, bundan sonra şikayətçi olduqlarını qeyd ediblər.
Hakimin suallarını cavablandıran azyaşlılar atalarından şikayətçi olmadıqlarını deyiblər.
Uşaqların anası da ərindən şikayətçi olmadığını, qızlarının qisas məqsədi ilə belə etdiklərini bildirib. Onun sözlərinə görə, əri polisdə təzyiqlə üzləşdiyi üçün qızlarına qarşı seksual hərəkətlər etdiyini etiraf edibmiş…
Məhkəmə tərəfləri dinlədikdən sonra Eldənizi qeyd edilən cinayətdə təqsirli bilib. Hakim azyaşlı qızların və Eldənizin istintaq zamanı verdiyi ifadələrini sübut kimi qiymətləndirib. Hökmə əsasən Eldəniz 12 il azadlıqdan məhrum edilib.//Musavat.com