Bakının Ramana qəsəbəsindəki 90 saylı orta məktəbdə ikinci sinif şagirdini T.M. ağır xəsarət alıb.
Bu barədə uşağın anası Vüsalə Məmmədzadə məlumat verib.
O bildirib ki, bu il noyabrın 7-də məktəbdən atasına zəng edərək, tədbir zamanı məktəblinin başqa bir uşaqla toqquşduğunu, onun yüngül zədələndiyini deyiblər.
“Biz uşağı evə gətirdik, baxdıq ki, çox ağır zədələnib. Həkimə apardıq. Aldığı zədəyə görə, görmə qabiliyyətini 50 faiz itirib. Hazırda eynək taxır və həkim nəzarətindədir”.
Vüsalə Məmmədzadə övladının təsadüf nəticəsində xəsarət aldığına inanmır: “Bu, necə ola bilər ki, öz yaşıdı ilə toqquşsun, belə ağır xəsarət alsın. Həmin vaxt uşağa heç bir tibbi yardım göstərilməyib. Hətta deyilənlər doğru olsa belə, bizə o təsir edir ki, məktəbin direktoru Svetlana Nəbiyeva, uşağın sinif rəhbəri Südabə Şirinova indiyədək bir dəfə bizimlə maraqlanmayıblar. Uşağın həm sağlamlığı pozulub, həm də dərslərdən kənarda qalıb. Mən hadisə ilə bağlı polisə və prokurorluğa müraciət edəndən sonra sinif rəhbəri mənimlə əlaqə saxladı. Onda da əsəbiləşdi, dedi ki, direktoru narahat eləmək olmaz. Bu, nə biganəlikdir? Uşağın müayinəsi, müalicəsi ilə bağlı bütün xərcləri özümüz çəkirik. Bir dəfə maraqlanmayıblar ki, onun səhhəti necədir. Dərslərindən geri qalmasından heç narahat deyillər”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov TNS-in məsələ ilə bağlı sualına cavab olaraq bildirib ki, hadisə araşdırılır.