Minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqları ilə yanaşı, müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.
News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı da təmin edilib.Qeyd edək ki, dövlət başçısının 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə bütün pensiyaların 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılması da təmin edilib. Həmçinin istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb.
2018-ci ildən ötən dövrdə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, o cümlədən minimum pensiya 3 dəfəyədək artırılıb. Eyni zamanda orta aylıq pensiya 2,4 dəfə artıb.
2025-ci ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqlarının artımı da təmin edilib. Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.