Naziləni İlqarla münasibətdə olaraq mənə xəyanət etməsi və namusumu ləkələməsinə görə öldürmüşəm. Bıçağı yaşadığımız evin mətbəxindən götürmüşəm. Həmin bıçaqdan çörək kəsmək üçün istifadə etmişik.

Hadisə zamanı Nazilə ilə məndən başqa yataq otağında heç kim olmayıb. Hadisədən əvvəl spirtli içki və ya narkotik qəbul etməmişəm”.

“Boşanmağı məsləhət gördüm”

İş üzrə zərərçəkmiş Nazilənin hüquqi varisi qismində dindirilən atası Əlinin sözlərinə görə, hadisə günü qızı Nazilə ona zəng edib, əri Vüsalla dalaşdığını, yola getmədiklərini deyib və gəlib onu evə aparmağı xahiş edeib: “Telefon danışığından onun həyəcanlı olduğunu hiss etdim. Evdən çıxıb Naziləgilə getdim.

Oraya çatanda Nazilə qollarını göstərərək Vüsalın onu döydüyünü, şər ataraq guya başqa kişilərlə xəyanət etməsini bildirdiyini və boşanmaq istədiyini söylədi. Mən Vüsalı danladım, böyük uşaqları olduğunu dedim, belə bir iş tutmamağı, arvadını istəmirsə boşanmağı məsləhət gördüm.

Təxminən saat 12 radələrində evimə qayıtmaq istəyəndə Naziləgilə adını bilmədiyim, mayor rütbəli sahə rəisi olan polis əməkdaşı gəldi. Nazilə polis əməkdaşına zəng edərək məlumat vermişdi. Polis Naziləyə məsələ ilə bağlı şöbəyə gələrək izahat verməli olduğunu bildirdi. Bu kimi sözləri deyərək getdi.

Naziləgildə sakitçiliyin yarandığına əmin olub evimə qayıtdım. Həmin gün saat 18 radələrində nəvəm zəng edərək Vüsalın Nazilənin başını kəsərək öldürdüyünü və daha sonra bıçaqla öz boğaz nahiyəsini kəsdiyini dedi. Arvadımla birlikdə Naziləgilə getdik. Biz oraya çatanda polis əməkdaşları hadisə yerində idi”.

“Sevgi münasibətlərimiz olmayıb”

İş üzrə şahid qismində ifadə verən İlqarın sözlərinə görə, hadisədən əvvəlki günlərdə Vüsalgilə qonaq gedib və özü ilə spirtli içki aparıb: “Vüsalla bir yerdə spirtli içki içdik. Nazilə bir qonşu kimi mənə Vüsalın içki içib onu incitdiyini danışdı. Mənim Nazilə ilə heç bir yaxın münasibətim olmayıb. Qonşu kimi onu və digərlərini sahəyə işləmək üçün aparmışam.

Həmin gün süfrədə Nazilə dedi ki, həmişə İlqara qardaş demişəm, İlqar, Vüsal hər gün içib mənimlə mübahisə edir. Mən də bu sözlərdən sonra Vüsalı danladım, içkidən uzaqlaşmalı olduğunu dedim. Mənim bu sözlərimdən o, əsəbiləşərək ailə işlərinə qarışmamağımı dedi və məni qucaqlayaraq ağladı. Vüsala təsəlli verərək hər şeyin düzələcəyini dedim.

Sentyabrın 8-də saat 17 radələrində uşaqlarımla gəzərək kəndə qayıdanda Vüsalın bıçaqla Nazilənin başını kəsərək öldürdüyünü, daha sonra bıçaqla öz boğazını kəsdiyini eşitdim. Nazilə ilə aramızda sevgi münasibətləri olmayıb”.

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anasının sözlərinə görə, qonşuluqda yaşayan İlqarın gəlini Nazilə ilə münasibətdə olmasından şübhələniblər: “Çünki İlqar bir dəfə söhbət zamanı mənə “ay xala, adamın ürəyini çıxarıb göstərmək mümkün olsaydı, çox yaxşı olardı” dedi. Lakin onun nə dediyini başa düşmədim. Sonradan bildim ki, İlqar gəlinim Nazilə ilə arasındakı münasibətdən bəhs edirmiş”.

“Sənin evinə gəlməyəcəm, gedib kefimi çəkəcəyəm”

Təqsirləndirilən şəxsin anasının sözlərinə görə, axşam vaxtı İlqar qardaşı ilə onlara qonaq gəlib:

“Nazilə həyətdə süfrə açdı, hamımız stulda əyləşdik. Uşaqlar isə həyətdəki evin qonaq otağında oturdular. Vüsal İlqarla bir yerdə araq içib söhbət etdilər. Bu zaman İlqar Vüsala dedi ki, eşitsəm arvadına güldən ağır söz demisən, onu vurmusan, məndən incimə, mən Naziləni sevirəm. Bu sözlərdən sonra onların arasında mübahisə yarandı. Mən gəlinimin üstünə getdim, qışqıraraq bunun nə məsələ olduğunu soruşdum. Nazilə heç nə demədi. Sonradan bildim ki, İlqarla Nazilənin arasında olan münasibətdən qonşuların da məlumatı olub. Vüsal da bunu eşitmişdi. Lakin oğlum bu barədə mənə heç nə deməmişdi.

Süfrədə mübahisə yarandıqdan sonra İlqar və qardaşı getdilər. Vüsal şillə ilə Naziləni vuranda onları araladım. Ertəsi gün səhər saatlarında Nazilə əlindəki ləyəni Vüsala tərəf atdı və dedi ki, kef mənimdi, özüm bilərəm, səni istəmirəm, səni saymıram. Vüsal arvadının saçından tutaraq dartışdıranda onları araladım.

Nazilə sahə rəisi Ədaləti və atası Əliyə zəng edərək evə çağırdı. Əliyə axşam baş verənləri danışdım. O qızını danlayaraq bir daha evinə gəlməməsini dedi. Nazilə isə “sənin evinə gəlməyəcəm, gedib kefimi çəkəcəyəm” söylədi. Onlar getdikdən sonra Nazilə uşaqlar üçün kitab almağa, ordan isə qonşumuz Ləmangilə getdi. Mən isə uşaqlarla həyətdəki otaqda oldum.

Saat 17 radələrində nəvəm ikinci mərtəbəyə qalxdıqda qışqırıq səslərini, məni çağırdığını eşitdim. İkinci mərtəbəyə qalxanda mənə məxsus yataq otağında Nazilə ilə Vüsalın yerdə qan içində uzanmış vəziyyətdə olduğunu gördüm. Nazilə artıq ölmüşdü, Vüsal isə yerdə xırıldayan vəziyyətdə idi.

Səs-küyə qonşular oraya yığışdı. Mən hadisənin şahidi olmamışam. Vüsal Naziləni öldürmək istəməsi ilə bağlı əvvəllər bizə heç nə deməyib”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 11 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.