Bu il Məhərrəmlik ayı iyunun 26-na təsadüf edir. Artıq restoranlara üz tutanların sayında artım müşahidə olunur. Xüsusilə iyunun son həftəsində yer tapmaq çətinləşib. Bildirilir ki, tələbat çox olduğuna görə qiymətlər də bahalaşacaq.
Toylara tələbatın artması qiymətlərə necə təsir edəcək?
Bizimshow.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri, restoran sahibi Mürvət Həsənli deyib ki, tələbat sırf Məhərrəmlik ayı ilə bağlı deyil:
“Adətən şadlıq evləri sentyabr, oktyabr, noyabr, dekabr aylarını toy məclisləri üçün nəzərdə tutur. Məhərrəmlik bir neçə ildir, bu tarixlərə düşmür. Yayda isə restoranların qiyməti digər aylara nisbətən aşağı olur. İndi müraciətlərin artması bununla əlaqəli ola bilər”.
M.Həsənli bildirib ki, yay aylarında bazarlarda, həmçinin kənd məhsullarında qiymətlər ucuzlaşır:
“Bu baxımdan, düşünürəm ki, qiymətlərdə artım olmayacaq. Ümumiyyətlə, qiymətlər birbaşa bazarla bağlıdır. Payız aylarında da sabitlik müşahidə ediləcək. Çünki hər tələbata uyğun şadlıq sarayları var”.
İqtisadçı Ramil Abbasovun sözlərinə görə, toylara olan tələbat qiymətlərə təsir edir:
“Restoranlar tələbi qarşılamaq üçün qiymətləri artıraraq qazanclarını yüksəltməyə çalışırlar. Lakin Məhərrəmlik ayında tələbatın azalması nəticəsində təşkilatçıların qiymətləri endirməsi mümkündür. Ümumiyyətlə, Azərbaycanda yaz və yay aylarında toyların artması ilə əlaqədar xərclər çoxalır. Bu da bazar iştirakçılarını alternativlər axtarmağa vadar edir. Dünyada baş verən qiymət dalğalanmaları da mühüm faktorlardan biridir. Belə ki, bu amil Azərbaycandakı toy bazarına müxtəlif yollarla təsir edə bilər. Məsələn, qlobal inflyasiya, qida, yanacaq və əmək xərclərinin artması toy xidmətlərinin qiymətlərini yüksəldir”