Pakistan baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Hindistanın 3 hava limanına hücum etməsi ilə bağlı “Geo TV”yə açıqlama verib.
Dar bildirib ki, ABŞ və Çin başda olmaqla bir sıra ölkələr Hindistan və Pakistan arasında gərginliyin azaldılması üçün çağırışlar ediblər.
Onun sözlərinə görə, bu çağırışlardan sonra İslamabad və Yeni Dehlinin gərginliyin azaldılması üçün dialoqa başlaya biləcəyi ilə bağlı ümidlər artıb.
Nazir Hindistanın toqquşmaları dayandıracağı təqdirdə Pakistanın da eyni addımı atmağa hazır olduğunu qeyd edib:
“Onlar dayansa, biz də dayanarıq. Biz dağıntı və maliyyə vəsaitlərinin boşuna xərclənməsini istəmirik. Heç bir ölkənin hegemonluğu olmadan sülh arzulayırıq”.
Məhəmməd İshaq Dar ABŞ dövlət katibi Marko Rubio ilə danışığından da söz açıb. Gərginliyin azaldılması ilə bağlı ABŞ tərəfinə “top artıq Hindistanın tərəfindədir” mesajını verdiyini bildirib.
Xatırladaq ki, Hindistan aprelin 22-də Cammu və Kəşmirin turistik Pahalqam bölgəsində baş verən, 26 mülki şəxsin həyatını itirdiyi terror aktına görə məsuliyyətin Pakistanda olduğunu bildirib. Bu hadisəyə cavab olaraq Hindistan ordusu Pakistanın ərazisinə və onun nəzarətində olan Azad Kəşmir bölgəsinə raket hücumları həyata keçirib.
Hindistan Müdafiə Nazirliyi bu hücumların Pakistanın hərbi obyektlərini deyil, BMT Təhlükəsizlik Şurasının terror siyahısında olan silahlı qruplar – “Müqavimət Cəbhəsi” və “Ceyş-i-Məhəmməd”ə məxsus olduğu iddia edilən 9 hədəfi vurduğunu açıqlayıb.
Pakistan isə hücumların mülki yaşayış məntəqələrinə yönəldiyini və nəticədə 31 nəfərin həyatını itirdiyini, 57 nəfərin yaralandığını bəyan edib.
Hindistan Müdafiə Nazirliyinin məlumatına əsasən, Pakistanın cavab atəşi nəticəsində 16 nəfər həlak olub.//Musavat.com