Adananın Balcalı Xəstəxanasının Kardiologiya kafedrasının müəllimi, dosent Çağlar Emre Çağlıyan ürək tutması zamanı öskürməyin həyat qurtardığına dair inancın yanlış olduğunu bildirib.
Bizimshow.az Musavat.com-a istinadən xəbər verir ki, o deyib:
“Öskürməklə ürək tutmasından qorunmaq, ya da bu vəziyyəti yüngülləşdirmək kimi inanclar tamamilə yanlışdır. Bəli, biz anju zamanı bəzi hallarda xəstənin təzyiqinin ani düşməsini müşahidə edirik və həmin anda qısa müddətə təzyiqi yüksəltmək üçün öskürməsini istəyə bilərik. Amma bu, müvəqqəti bir reaksiyadır. Əsas problemi – damar tıxanıqlığını – aradan qaldırmadan öskürək fayda verməz. Üstəlik, bu tip inanclar insan həyatını təhlükəyə atacaq yalnış yönləndirmələrdir”.
Dosent Çağlıyanın sözlərinə görə, ürək damarlarında tıxanıqlıq olan bir vəziyyətdə öskürməyin heç bir faydası yoxdur:
“Öskürmək ürək damarlarınızı açmır, əksinə, ritm pozuntularını tətikləyə bilər”.
Çağlıyan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ürək-damar xəstəliklərinin və ürək tutmasının ən çox görülən ölüm səbəbi olduğunu bildirib. O, COVID-19 pandemiyasından sonra bu xəstəliklərin daha da artdığını vurğulayıb.
Çağlar Emre Çağlıyan ürək tutmasının ən mühüm əlamətinin sinə ağrısı olduğunu deyib:
“Bəzi insanlar bunu təzyiq kimi, bəziləri isə yanma şəklində təsvir edir. Amma bu ağrı insanı təcili tibbi yardım almağa vadar edir. Bununla yanaşı, ani nəfəs darlığı, ürəkdöyünmə, huşsuzluq və qəfil ürək dayanması halları da ola bilər”.
Çağlıyan əlavə edib:
“Ürək-damar problemləri ani ölüm riski daşıyır. Öz maşınınızla xəstəxanaya getmək bu riski daha da artırır – həm özünüz, həm də yolda olan başqaları üçün təhlükə yaradır. Ən doğru yanaşma təcili yardım çağırmaq və xəstəxanada ixtisaslaşmış tibbi yardım almaqdır”.