Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.
Bu barədə Musavat.com-a valideyn məlumat verib. Onun sözlərinə görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.
Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.
“Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdi. Mənə müqavimət göstərdi, təpik vurub qaçıb,” – deyə ana bildirib. O da qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.
Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildiirb. O ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını bildirib. Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etdik, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov həmin sorğuya cavab olaraq bildirdi ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır. Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirmişdi.