“Müğənni ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntünü izlədim. Xanım bir açıqlama verdi: “Mənə olunan xəyanətdən sonra mən də ona xəyanət etdim.” Onun hərəkəti düzgün olmayıb və təqdir olunmur”.
Bu sözləri “Yeni Sabah”a psixoloq Vüsalə Rüstəm deyib.
O, müğənni Nüşabə Musayevanın qalmaqal yaradan çıxışı ilə bağlı fikirlərini bölüşüb:
“Burada düşündürücü başqa bir məqam var: “Etdiklərimə əcəb etmişəm” deyə sonlandırır. “Əcəb etmişəm” ifadəsi şəxsin özünü müdafiə formasıdır. Uşaqkən yaşadığı travmalarla əlaqədar olaraq o, davamlı müdafiə vəziyyətində olur, ətrafda ona haqq qazandıran kimsə olmadıqda isə məcburən “güclənir”, etdiyi səhvə belə “əcəb etmişəm” deyə nöqtə qoyur”.
V. Rüstəm əlavə edib: “Xəyanət səhv deyil, bir seçimdir. Cütlüklərdən biri bu addımı atırsa, digəri də onun acığına belə bir addım atmamalıdır. İnsan əxlaqını Əliyə, Məmmədə, Həsənə görə qorumur. Qadın qüruru, namusu xalça deyil ki, acıq edib, ya da kimdənsə qisas almaq məqsədilə hər yoldan ötənin ayağı altına sərilsin.
Cəmiyyətdə rezonans doğuran əsas məqam xanımın etirafı idi. Etiraf cəsarət tələb edir, amma bu cəsarətin altında bir peşmanlıq gizlənir. Xanım hələ də o şəxsi unuda bilmir və onun etdiyi səhvə səhvlə cavab verdiyini xatırlayıb danışır. Kimdənsə acıq çıxmaq, ictimai sərhədlərə məhəl qoymamaq travmalarla bağlı olur. Heç kim səni saymadıqda, var olduğunu əsəbi şəkildə və cəmiyyətin acığına gələn formada göstərirsən.
İnsanların keçmiş travmaları onları gələcək həyatlarında da təqib edir. Belə insanlar uğursuzluq və xəyanət kimi hadisələrlə qarşılaşdıqda, həm özünə, həm də ona qarşı səhv edən insana qarşı qeyri-adekvat hərəkətlər edə bilirlər”.
Psixoloq onu da qeyd edib ki, xanımın açıq şəkildə etdiyi etiraf cəmiyyətdə olan bir çox qüsurları üzə çıxardı:
“Demək ki, insan səhvini gizlində edib danışmırsa o, “namuslu”, amma onu dilə gətirirsə, “namussuz” hesab olunur. Qeyri-səmimi davranışlar insanların çoxunun həyatının yalan üzərində qurulduğunu, bütün naqisliklərin xəlvətdə edildiyini və bunun doğru hesab olunduğunu göstərir ki, bu da insanda təəssüf doğurur.
Qeyri-səmimilik və ikiüzlülüyün adı “namus”, “əxlaq” hesab edilə bilməz. İnsan necə yaşayırsa və necə yaşayıbsa, onu dilə gətirməkdən qorxmamalıdır. Həqiqət işıqdır – onu gizlətmək olmaz”.