Bu fikirləri Yenisabah.az-a açıqlayan psixiatr Azad İsazadə bürclərin insan psixologiyasına təsirindən danışıb və sözlərinə belə davam edib:
“Bütün bunlar şou tipli bir məlumatdır. Mən deyə bilmərəm ki, astrologiya böyük bir elmdir. Ancaq onun təsir dairəsi genişdir. Burada təkcə bürclər yox ulduzların, planetlərin təsirindən söhbət gedir. Çox mürəkkəb bir anlayışdır. Gördüyümüz bürc proqnozları isə onun sadəcə bir hissəsidir. Bu səbəbdən ona fikir vermək çox da düzgün deyil. Natamam məlumatdır. Bəzən reallıqla üst-üstə düşsə də bəzən düz olmur. Belə bir ifadə var, işləməyən saat da gün ərzində iki dəfə düz göstərir. Yəni bürc proqnozları təsadüf nəticəsində doğru çıxa bilər.
Belə məlumatların insanların psixologiyasına təsirindən danışsaq, hamımızın içərisində balaca bir uşaq var. O uşaq ki hər hansı möcüzəyə, qara qüvvələrə inanır. İzahı olmayan məlumatlara inanmaq bəzi insanlar üçün daha rahatdır. Onlar reallıqdansa bunu üstün görürlər”.