“Yuxarıdan sifariş vermişdilər ki, Zemfiranı işdən çıxarın…”
“Bu gün mədəniyyət və incəsənət aləmində böyük boşluq, xaos var. Bu tək kinoya yox, teatra da, rəssamlığa da, musiqiyə də aiddir. Teatr və kinoda vəziyyət ümumiyyətlə acınacaqlıdır. Hər kəs özü-özünü dolandırır. Bəziləri bununla bağlı Mədəniyyət Nazirliyini günahlandırır. Bu axı nazirdən asılı deyil. Teatrlarda olan qalmaqallar, çəkişmələr, intriqaların nazirə heç bir aidiyyatı yoxdur. Mən bu günlərdə Mədəniyyət Nazirliyində idim. Çoxdandır qəbula yazılmışdım. Dəvət etdilər, cənab nazirlə görüşüb danışdım. Mən ona dedim ki, “Xalq artisti” fəxri adım yoxdur. Baxmayaraq ki, 70-ci ildə mənə “ən yaxşı qadın roluna görə” mükafat vermişdilər. Ondan sonra da 40-dan yuxarı filmə çəkilmişəm. Mən nazirlə danışanda o xəcalət çəkdi ki, niyə indiyə qədər “xalq artisti” fəxri adını almamışam? Nazir mənə dedi ki, Zemfira Sadıqova adı bir brenddir. Başa düşən adam bunu bilir. Nazir mənim qiymətimi bir insan kimi verdi. O qədər xalq artistləri var ki, camaat heç tanımır. Niyə bəs mən almamalıyam? Nazir dedi ki, 2 ildir fəxri adlar verilmir. Nə vaxt veriləcəyi məlum deyil. Bəlkə mənim elə ömrümün axırıdır?”
Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Zemfira Sadıxova deyib. Aktrisa daha sonra bildirib ki, bu sənətdə onu sevməyən insanlar çox olub və bu münasibət ara-sıra sənətinə də yansıyıb:
“Həyat yoldaşım Yusif Vəliyev dünyadan köçəndən sonra lap məni gözümçıxdıya saldılar. Mənə rollar vermirdilər, olan rollarımı əlimdən alırdılar. Rejissor məni çəkmək istəyirdi, amma “Azərbaycanfilm”-in o vaxtkı direktoru Cəmil Əlibəyov icazə vermirdi. Qarşıma o qədər səddlər çəkirdi ki. Rejissorlara deyirdi ki, onun potensial imkanı yoxdur, neynirsiz onu çəkirsiz? Sözün əsl mənasında bir kişi Oqtay Mirqasımov çıxdı. Cəmil ona mane olanda o demişdi ki, “mən Zemfira xanımla işləmişəm, potensial imkanına da bələdəm, ssenarini də məhz onun üçün yazmışam”. Bu sözləri dedi və məni “Anlamaq istəyirəm” filmində ana roluna çəkdi. Cəmil Əlibəyov kimilər insanları ruhən öldürürlər. Ona da bunu sifariş vermişdilər. Sifarişi verənlər də yuxarıda oturanlardan idi. Hamısı rəhmətə gedib. Bu qədər filmlərim ola-ola sən məni necə işdən çıxara bilərsən? Bu bir xoşbəxtlikdir ki, hələ yaşayıram, özüm-özümü idarə edə bilirəm. Bu günümə də min şükürlər olsun”.
Aktrisa bildirib ki, bu gün pul kinodan da önəmli olub:
“Bu gün hər şey puldur. Pul kinodan önəmlidir. Belə olmasaydı “Azərbaycanfilm” kinostudiyasının həyətində icarəyə verilən sexlər, otaqlar, povilyonlar olmazdı. Onlar yaxşı pul qoyub yaxşı film çəksələr yaxşı da qazanarlar. O vaxt “Dəli Kür” filmini Hüseyn Seyidzadə çəkəndə dedi ki, mən bu filmi Azərbaycan üçün yox, valyuta üçün çəkirəm. Yəni ki, film xaricdə baxılacaq, satılacaq. Mən Türkiyəyə getmişdim, telefon alanda satıcı məni tanıdı. Dedi ki, siz aktrisasız. İrana getmişəm orada məni tanıyıblar. Amma Azərbaycanda bir o qədər də diqqət etmirlər. Çünki mənim çəkiləcəyim film yoxdur”.
0