Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində temperaturun bir neçə dərəcə enərək soyuq, qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, bəzi yolların buz bağlayacağı və ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Bu barədə “Referans”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!” – deyə nazirliyin məlumatında qeyd olunub.