Milli.Az xalq artisti Niyaməddin Musayevin qafqazinfo-ya müsahibəsini təqdim edirik:
– Niyaməddin müəllim, yaradıcılığınızda hansı yeniliklər var?
– Yeniliklər çoxdur, mahnılar üzərində işləyirəm. Amma hələ ki, məlumat vermək istəmirəm. Tezliklə təqdim edəcəm.
– Şou-biznes sizin üçün nədir?
– 40 ildir bu sənətdəyəm. Hazırda şou-biznes deyilən bir anlayış var, onun yaxşı cəhətləri çoxdur. Gənclərin qayğısına möhtacıq. Sənəti xalqa çatdırırlar. Əvvəllər yalnız peşəkarlar oxuyurdu, indi özfəaliyyətlə məşğul olanlar da televiziyada çıxış edir. Peşəkarla özfəaliyyətlə məşğul olanları şou-biznes qarışdırıb. Gözəl oxuyanlar var.
– İfaçıların çoxu özlərini sənətkar adlandırır. Onlara münasibətiniz necədir?
– Sənətkar ağır sözdü. Sənətkar olmaq üçün xalqın qəlbinə yol tapmaq, tarixləşmək lazımdır. Gənclərə tövsiyə edirəm ki, gənc ikən elə oxusunlar ki, qocalanda öz ifalarından utanmasınlar. Pis oxuduqları üçün xəcalət çəkməməlidirlər.
– Sizin mahnılarınızı bir çox sənətçilər ifa edib. İfasını bəyənmədikləriniz varmı?
– Hər ifaçı özünəməxsus oxuyub. Çoxunun adını xatırlamıram. Xumar Qədimova “Dünya sənin, dünya mənim”, Vüsalə xanım “Sevirdim səni mən”, Xatun “Nəğmə olub gecələr” mahnısını oxuyub. Mənim mahnılarımı peşəkarlar gözəl, özünəməxsus oxuyublar.
– Sənətçilərin şəxsi həyatları ilə gündəmə gəlməklərinə necə baxırsınız?
– Hər zaman özümü belə şeylərdən qoruyuram, dedi-qodulardan qaçan adamam. Tez-tez özümü gözə soxmuram. Yaradıcılığımda “Röya” ansamblı yarandı. Bu yenilik idi.
– Qohumlarınız içərisində küsülü olduqlarınız varmı?
– Qardaşım uşaqları oxuyur. Heç biri ilə küsülü deyiləm.
– Musa Musayevlə Təranə Qumral arasında baş verən qalmaqal haqda nə deyə bilərsiniz?
– Təranə ilə Musa haqda danışmaq istəmirəm. Belə şeylərə görə müsahibə verməkdən qaçıram. Jurnalistlərə demək istəyirəm ki, ucuz şoudan uzaq olsunlar. Yazdıqları gözəl yazılarla imzalarını tanıtsınlar.