Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin respublikadakı məktəblərə rus dilində dərsliklərin verilməsi prosesini dayandırmaq barədə qərarı Rusiyada birmənalı qarşılanmır.
Reyting.az-ın xəbərinə görə, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də məsələyə tənqidi yanaşır və deyir ki, Ermənistan Rusiyanın Qərblə mübarizəsindən istifadə edir.
Rusiyanın Gümrüdəki (Ermənistan) hərbi bazasından, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İttifaqına üzvlükdən də söz açan Zatulin bildirib ki, bütün bunlardan zamanla danışılacaq. “Amma cənab Paşinyan hər şeyi bir anda həyata keçirə bilməz”, – deyə rusiyalı siyasətçi əlavə edib.
Zatulinin sözlərinə görə, Ermənistan hökuməti Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi və Qərblə mübarizəsindən istifadə etmək qərarına gəlib.
O, Ermənistan hakimiyyətini nəzərdə tutaraq deyib: “Onların Qarabağla bərabər siyasi rəqiblərindən də yaxa qurtarmaq imkanı var idi, bunu etdilər və bunun məsuliyyətini bizim üzərimizə atdılar. İndi isə Ermənistanı tez bir zamanda başqa istiqamətə çevirməyə tələsirlər”.
Zatulin xatırladıb ki, Paşinyan 2020-ci ildəki hərbi əməliyyatlarda uğursuzluğa düçar olub: “Məncə, bunu məqsədli şəkildə edib, çünki Qarabağdan qurtulmalı idi. Ondan sonra Paşinyan seçkiyə getdi. Müxalifət bizə üz tutdu və xahiş etdi ki, birtəhər açıq-aşkar onu dəstəkləyək. Dedik, heç bir halda, Paşinyan 2020-ci il noyabrın 9-da Qarabağda müharibəni dayandırmaq üçün bu sazişi imzalayan üç nəfərdən biridir. O olmasa, onda yenidən döyüşlər başlayacaq, biz qarışacağıq, amma qarışmaq istəmirik, bizim öz işimiz var, ona görə də toxunmayın. Yaxşı, biz o yerə çatmışıq ki, artıq rus dilində dərsliklər qəbul edilmir?”.
Zatulinin sözlərinə görə, Rusiya öz sülhməramlılarını müharibənin nəticələrinə və hər iki tərəflə razılaşmalara əsasən Qarabağa gətirib və bundan sonra Paşinyan bildirib ki, Qarabağ Azərbaycanın daxili işidir və o, Azərbaycanın ərazi bütövlüyünə şübhə etmir: “Dərhal biz özümüzü çox qəribə bir rolda gördük, oradakı ordumuz, iki tərəfi ayıran yox, ümumiyyətlə, heç bir mandatı olmayan insanlar kimi. Biz dedik ki, yaxşı, Paşinyan belə deyir, o, ən önəmli ermənidir, deməli, belədir. Paşinyanın ardınca getməyimizin nə mənası var idi? Biz öz versiyamızı müdafiə etməli olduq. Bəs nə oldu, bu gün Qarabağda bir nəfər də erməni yoxdur, yüz min adam gedib”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, Zatulin deyib ki, bu təşkilat 2022-ci ilin sentyabrında baş verənlərə gecikmə ilə reaksiya verib: “Paşinyan isə bundan istifadə edib. O, çox ağıllı manipulyasiya edir, manipulyatordur. Onun bildiyi yeganə şey budur və bunu da edir”.
Zatulin sonda əlavə edib ki, Ermənistanda səhərdən axşama kimi internetdə, televiziyada və digər təbliğat vasitələrində beyinlər yuyulur və bu səbəbdən Rusiyaya inam azalır.